Avropa Peşəkar Futbol Liqaları Assosiasiyasının (EPFL) prezidenti Lars-Krister Olsson peşəkar futbolda daha ədalətli və tarazlaşdırılmış maliyyə sistemi yaradılmasına müdaxilə etmək və bu istiqamətdə tədbirlər görmək xahişi ilə rəhbər futbol orqanlarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, EPFL-in mətbuat xidməti Olssonun bəyanatını yayıb. Bəyanatda deyilir: “EPFL bu yay transfer bazarında klubların xərclərinin və futbolçuların məvaciblərinin əsassız artması ilə səciyyələnən vəziyyəti izləyir. EPFL rəhbər orqanların peşəkar futbolda daha ədalətli və tarazlaşdırılmış maliyyə sisteminin yaradılmasına müdaxilə etməsini və bu istiqamətdə tədbirlər görməsini zəruri sayır. Onlar istər daxildə, istərsə də beynəlxalq məkanda futbol klubları arasında dürüst rəqabətin saxlanılmasına görə məsuliyyət daşıyırlar”.
2013-cü ildən İspaniyanın “Barselona” klubunun heyətində çıxış edən braziliyalı hücumçu Neymar avqustun 3-də Fransanın “Pari Sen-Jermen” klubu ilə beşillik müqavilə imzalayıb. Elə həmin gün elan edilib ki, 25 yaşlı forvard öz müqaviləsini İspaniya klubundan 222 milyon avro müqabilində satın alıb. KİV-lərin məlumatına görə, həmin məbləği braziliyalıya Avropa Futbol Assosiasiyası İttifaqının (UEFA) maliyyə “fair play” qaydalarından yan keçməsi üçün PSJ sponsorlarından biri verib.
EPFL-in prezidenti deyib: “EPFL klubların büdcələrində futbolçuların məvaciblərini məhdudlaşdırmaq imkanlarını nəzərdən keçirməyə, habelə Avropa futbolunda rəqabət səviyyəsinin düşməsinə qarşı mübarizəyə dair Avropa Futbol Assosiasiyaları İttifaqı prezidentinin bəyanatını alqışlayır. EPFL-in başlıca məqsədi milli çempionatlarda rəqabət tarazlığını gücləndirmək və qorumaqdır. Biz gələcəkdə matçların, futbolçuların, azarkeşlərin və klubların maraqlarının təmin olunması naminə peşəkar futbolda ədalətli və maliyyə baxımından dayanıqlı vəziyyətin təmin olunması məqsədi ilə Beynəlxalq Futbol Federasiyası (FIFA), UEFA və digər əlaqədar tərəflərlə əməkdaşlıq etməyə hazırıq”.
UEFA-nın prezidenti Aleksandr Çeferin daha əvvəl bildirib ki, onun başçılıq etdiyi qurum Avropanın varlı və imkansız klubları arasında əmələ gələn uçurumu aradan qaldırmaq üçün əməkhaqqı tavanı tətbiq edilməsi məsələsini nəzərdən keçirə bilər.