Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi 10-cu qrant müsabiqəsinin nəticələri elan olunub. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri tərəfindən yeddi və bu ali təhsil ocağının Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı ilə irəli sürülən üç layihə müsabiqənin fiziki şəxslərin layihələri kateqoriyaları üzrə qalib seçilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, onların ictimai fəallığının artırılması, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək məqsədilə keçirilib. İyirmi istiqamət üzrə keçirilən qrant müsabiqəsi əsasən sosial həyat tərzi, ekologiya, mədəniyyət, yaradıcılıq və digər bu kimi sahələri əhatə edib.
BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayaz Səmədlinin “Alqoritmik düşüncənin inkişafı”, IV kurs tələbələri Elvin İsmayılovun “Gənc 3D Printer Mühəndisləri”, Leyli Abbasovanın “Azərbaycanın gənc veb proqramçıları”, Azər Ömərovun “Gənc drone mühəndisləri”, kimya mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi və ali məktəbin tələbə həmkarlar təşkilatının sədri Zaur Məmmədzadənin “Biokütlədən sənaye məhsullarının istehsalı”, kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Vüsal Quluyevin “İstixana Effekti-Artan Entropiya”, Anar Bədəlbəylinin “Mühəndislərlə gələn gələcək” layihələri məhz həmin qrant müsabiqəsi nəticəsində bu ali təhsil ocağının təşkilati dəstəyi ilə həyata keçiriləcək.
Həmçinin BANM TGT-nin tərəfdaşlığı ilə qalib olmuş daha üç layihənin də bu ali məktəbdə həyata keçirilməsi nəzərdə tutulur. Həmin layihələr daha çox texniki sahələri əhatə edir və mühəndislik bacarıqlarının artırılmasına yönəlib. Layihələr çərçivəsində maraqlı seminar, ekskursiya və təqdimatlarin təşkili nəzərdə tutulub. İştirakçılar həmin təlimlərdə komanda şəklində işləməyi öyrənəcək və təcrübə qazanacaqlar.
Layihələrə 15-30 yaş arasında gənclərin cəlb edilməsi xüsusi təqdirəlayiq hal hesab olunur