Qurban Qurbanov: “Kopenhagen”nin gücü bəllidir”

REPORT.AZ “Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik və bu baxımdan “Kopenhagen” də istisna deyildi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üzrə püşkatmanın nəticələrini dəyərləndirərkən deyib.

Qırx beş yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu “Kopenhagen”i incələyəcəklərini söyləyib: “Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə həmin ayın 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.