Güclü “Noru” qasırğası cənubdan Yaponiyanın Kaqosima prefekturasının Amami adalarına yaxınlaşır. Bu barədə ölkənin Baş Meteoroloji İdarəsi məlumat yayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qasırğanın mərkəzində küləyin sürəti saniyədə 40-60 metrə çatır. Amami adalarının sahillərində dalğaların hündürlüyü 10 metrdir. Bu rayonda saatda 70 millimetr yağıntı düşəcəyi gözlənilir.
Kaqosima prefekturasında və Amamiosima adasında qasırğanın yaxınlaşması səbəbindən 81 reys ləğv olunub.
Qasırğa zəif hərəkət etdiyi üçün onun gətirdiyi leysan yağışları və güclü külək uzun müddət davam edə bilər. Avqustun 6-da qasırğa Kyusyu adasına çatmalıdır. Əgər tayfun istiqamətini dəyişməsə avqustun 7-də və 8-də Yaponiyanın Xonsyu adasını və Tokionu təsiri altına alacaq.