Xəbər verdiyimiz kimi, Bakıda məktəbəhazırlıq qruplarına uşaqların onlayn qeydiyyatına başlanılıb və mektebeqebul.edu.az elektron sistemində ərizələrin qəbulu sentyabrın 18-dək davam edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın digər şəhər və rayonlarında məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 15-dən etibarən məktəblərdə aparılacaq. Paytaxtda məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilir, onlar üçün təlim kursları təşkil olunur. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq müəllimlər öyrədici təlimlərə cəlb edilir. Təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil olunan təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında məşğələlər dövlət hesabına aparılacaq.
Qeyd edək ki, Azərbaycanda 2015-2016-cı tədris ilində bütün 5 yaşlı uşaqların 24 faizi, 2016-2017-ci dərs ilində 55 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub. 2017-2018-ci tədris ilində həmin göstəricinin 65, 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində 90 faizə çatdırılması nəzərdə tutulur.