Azərbaycan Prezidenti İlham Əliyev Balakən, Zaqatala və Qax rayonları ilə bağlı bir neçə sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, ölkə başçısı Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
İlham Əliyev Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Bunun üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
***
Azərbaycan Prezidenti Zaqatala rayonunda 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə sərəncam verib. Bunun üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ölkə başçınının digər sərəncamı Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi daşıyır. Bunun üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılıb.
***
İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon (iki milyon doqquz yüz doxsan min) manat ayrılıb.
Digər sərəncam Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır. !ax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.