Hər gün baş verən ağır avtomobil qəzaları, ölüm xəbərləri insanı dəhşətə gətirir.
Astarainfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə ötən gün Heydər Əliyev prospektində baş verən dəhşətli qəzaya münasibət bildirərkən millət vəkili Qənirə Paşayeva yazıb.
Millət vəkili gənclər arasında avtomobil idarəetmə ilə bağlı peşəkarlıqla yanaşı, məsuliyyət hissinin də aşağı olduğunu bildirib:
“Sürətlə avtomobil idarə etmək, diqqətsizlik, başqalarının həyatına qarşı məsuliyyət hissinin zəif olması ciddi faktorlardandır. Nəticədə günahsız insanlar kimlərinsə dəhşətli xətalarının qurbanına çevrilir. Qanunlar və yol qaydaları hamımız üçündür. Varlı və kasıb üçün ayrı qanun, qaydalar yoxdur. Eyni zamanda, bəzi məsələlərə yanaşmamızı dəyişməliyik. Bir neçə il bundan əvvəl yeni avtomobil alan bir qohumuma hər zaman kəməri tax dediyimdə “Qənirə xanım, o qədər adam taxmır ki”, deyə cavab vermişdi. Təxminən 15-20 dəqiqə ona kəmərin taxılmasının ilk növbədə onun və hamımızın təhlükəsizliyimiz üçün lazım olduğunu izah etməyə çalışmışdım və ondan sonra məni görəndə hər zaman kəməri taxdığını deyirdi. Yol hərəkəti qaydalarına toplum olaraq əməl etmək təkcə özümüz deyil, hamımızın təhlükəsizliyi üçün çox vacibdir. Özəlliklə cəmiyyətdə tanınan insanlar buna daha çox əməl etməlidir ki, başqalarına da yaxşı örnək olsunlar”.