Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan yığması Vətənə beş medalla dönüb. Millimizin heyətində Pərviz Bağırov (69 kq) finaladək irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rustəmov (56 kq) yarışı üçüncü pillədə başa vurub.
Digər üç medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.