Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
Mərasimdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib.
Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirib, onlara müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.