Avqustun 7-də Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanzın nazir Elmar Məmmədyarova ünvanladığı məktubu qarşı tərəfə təqdim edib.
Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kosta-Rikanın Azərbaycanda səfirliyinin açılması ilə hazırda ölkəmizdə 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 baş konsulluq fəaliyyət göstərir.