Vətən gözdür, biz kirpik, gözümüzün keşiyini çəkirik

 

Sənin hər əmrinə hazırıq, Vətən!

Bu bir həqiqətdir ki, tərbiyə ailədən başlayır. Uşaq anadan olan kimi, valideynlər onun tərbiyəsi ilə məşğul olurlar. Ataların gözəl misalı var: övladım əziz, tərbiyəsi ondan da əziz. Ona görə də hər bir valideyn övladının tərbiyəsi ilə sidq-ürəklə məşğul olur, nə qədər mümkündürsə onun vətəninə layiq övlad kimi böyüməsi üçün cəhd göstərir. Açığını deyək ki, əksər valideynlər övladlarının vətənə məhəbbət ruhunda tərbiyə olunmasında məqsədlərinə çatırlar. Düzdür, informasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə yeniyetmə və gənclərin tərbiyəsində çətinliklər yaranıb.

.  Bütün bunlarla birlikdə böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün hamımız var qüvvəmizi sərf etməliyik.

     Ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin əsasını şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması təşkil edir. Ailədən sonra tərbiyə sahəsində ən böyük məsuliyyət məktəblərin pedaqoji kollektivlərinin üzərinə düşür. Açığını deyək ki, pedaqoji kollektivlər öhdələrinə düşən bu məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün konkret və əməli tədbirlər həyata keçirilməsi ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar son dövrdə uğurlu nəticələrini verməkdədir. Rayon rəhbərliyi tərəfindən hər il ölkəmizin hərbi məktəblərinə daxil olan gənclərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsi onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Görülən tədbirlərin nəticəsidir ki, rayon üzrə hərbi məktəblərə daxil olmaq arzusunda olanların sayı ilbəil artır.
       2016-cı ilin aprel döyüşlərində Milli Ordumuzun işğalçı erməni hərbiçiləri üzərində parlaq qələbələri yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsində müstəsna rol oynamışdır. Keçən ilin aprel və may aylarında respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da  minlərlə gəncin iştirakı ilə Milli Ordumuzun zəfər yürüşünü alqışlayan kütləvi nümayişlər və mitinqlər geniş vüsət alaraq böyük əks-səda doğurmuşdur.  Həmin nümayiş və mitinqlərdə aprel döyüşlərinin qəhrəmanları, düşmənə qarşı döyüşlərdə müstəsna igidlik göstərərək yaralanan əsgərlər, onların valideynləri çıxış etmiş, Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin güclü və qüdrətli olması üçün gördüyü tədbirləri yüksək qiymətləndirmiş, işğal olunmuş torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını ruh yüksəkliyi ilə diqqətə çatdırmışlar. Aprel döyüşlərindən ötən qısa müddət ərzində respublikamızın hər yerində könüllü olaraq Milli Ordu sıralarına getmək arzusunda olanların sayı xeyli artmışdır.
         Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində konkret nümunələrin müstəsna əhəmiyyəti vardır. Əvvəllər daha çox Babək, Cavanşir, Qaçaq Nəbi, Koroğlu, ikinci dünya müharibəsində qəhrəmanlıqlar göstərən həmyerlilərimiz və digər tarixi şəxsiyyətlərin nümunələrindən istifadə olunurdu. İndi də bu nümunələrdən istifadə olunması hallarına rast gəlirik. Bu da təbiidir. Torpaqlarımızın iyirmi faizinin işğal altında olduğu bir dövrdə Qarabağ döyüşlərində qəhrəmanlıqlar göstərən  igidlərimiz haqqında daha geniş söhbət açmalı, onların torpaqlarımızın azadlığı uğrunda döyüşlərdəki şücaətləri barədə yeniyetmə və gənclərimizə konkret nümunələr əsasında faktlar çatdırmalıyıq. Şahidi olduğumuz hadisələr haqqında danışmaq və nümunə göstərmək daha asan, daha səmərəlidir.
Milli Qəhrəmanımız Yalçın Nəsirovun, Qarabağ uğrunda döyüşlərdə şəhid olması  və yaralanan həmyerlilərimizin, erməni işğalçılarını məhv edərək   və Vətən uğrunda canlarından keçməsi birdaha göstərir ki, Astara gəncləri öz məsuliyyətlərini  anlayır və yaxşı bilirlər ki, torpaq uğrunda vuruşmaq müqəddəs borcdur. Ən böyük xoşbəxtlik Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqdır. Bu döyüşlərdə qəhrəmanlıqlar göstərərək yaralanan həmyerlilərimizlə fəxr edirik. Düşmənlə döyüşlərdə astaralı gənclər də igidlik və fədakarlıq nümunəsi göstəriblər. Onlardan dörd nəfəri – Astara şəhər 1 nömrəli tam orta məktəbin məzunu, Milli Ordunun giziri Əliyev Orxan Məhərrəm oğlu, Təngərüd kənd tam orta məktəbinin məzunları, Milli Ordunun əsgərləri Məmmədov Kamus Ramiz oğlu və Fərəməzov Zəka Əbülfət oğlu, Maşxan kənd tam orta məktəbinin məzunu, Milli Ordunun giziri Qasımov Elvin Natiq oğlu mənfur düşmənlə döyüşlərdə mərdliklə döyüşərək yaralanıblar. Astaralılar Birinci Qarabağ müharibəsində olduğu kimi, keçən ilin aprel döyüşlərində qəhrəmanlıqlar göstərən cəsur el oğulları ilə fəxr edirlər.
         Keçən ilin aprel döyüşlərində sözün həqiqi mənasında misilsiz qəhrəmanlıq və şücaət göstərən Əzərüd kənd sakini, igid həmyerlimiz Pəncəli Teymurovun nümunəsi əsasında təkcə rayonumuzun məktəblərində deyil, respublikanın bütün tədris ocaqlarında Vətəni sevməyin, Vətən uğrunda canından keçməyin reallığı nümayiş etdirilməlidir.
          Pəncəlinin döyüşdən qabaq dediyi ürək sözləri ilə tanış olanda bir daha Azərbaycan övladlarının böyüklüyünü, Vətənə, el-obaya, əqidəsinə ürəkdən bağlılığını, torpaqlarımızın bütövlüyü uğrunda şirin canından belə keçməyə hazır olduğunu böyük qürur hissi ilə dərk edirsən. Bax, milli mənlik şüurumuzun ən uca zirvəsi Murad,Mübariz, Pəncəli  və onun kimi qəhrəmanlarımızın ömür yolundadır, Vətən yolunda, ana və bacılarımızın namusunun qorunması yolunda   göstərdikləri rəşadətdədir. Ölümü ilə ölümsüzlüyə qovuşan belə vətənpərvər oğullarımızla fəxr edirik. Böyük fərəh hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan gənci vətənpərvər ruhda böyüyür. Bu ilin aprel ayının əvvəllərində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verərkən misilsiz şücaət göstərən Azərbaycan əsgərlərinin timsalında bu həqiqətin şahidi olduq.  Milli Ordumuzun zəfər yürüşünə respublikamızın bütün bölgələrində  milyonlarla Azərbaycan gəncinin kütləvi hərəkatla dəstək nümayiş etdirməsi  bunu parlaq şəkildə sübut etdi. Üç rəngli bayrağa bükülmüş şəhidlərimizin valideynlərinin başlarını dik tutaraq “Vətən sağ olsun!” deməsi xalqımızın böyüklüyünün nümayişinə çevrildi. Döyüş meydanlarında şəhid olan qəhrəman əsgərlərimizin minlərlə ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəfn mərasimlərinin özündə də örnək götürülməli, nümunə göstərilməli  hadisələr baş verirdi.
         Budur, Azərbaycan xalqı! Budur, sözün həqiqi mənasında, övladlarında yüksək milli mənlik şüurun formalaşdıran, əsl vətənpərvər kimi tərbiyə edən ata və analarımız! 
         Doğurdan da, şəhid olmaq arzusu ilə döyüşə gedən qəhrəmanlarımızın ömür yolu əsl nümunədir. Həmyerlimiz Pəncəli Teymurov özünün toy günündə dediyi sözlərlə və əməli ilə  bu nümunənin heç də təsadüfi olmadığını  sübut etdi. Şair publisist Mərasim Hacızadənin “Arzun çin oldu, Vətən oğlu”! sərlövhəli yazısını həyəcansız oxumaq olmur: “Astara rayonunun ucqar dağlıq kəndi olan Əzərüd o qədər kiçik kənddir ki, heç coğrafi xəritədə də adına rast gəlinmir. Pəncəli balaca kəndinin adını böyütmək, məşhurlaşdırmaq, bütün Azərbaycana tanıtmaq istəyi ilə şəhidlik zirvəsinə ucaldı. Bir vaxt fəxr edirdi ki, şəhid Bəxtiyar Rüstəmovun adını daşıyan məktəbdə təhsil alıb. Tale elə gətirdi ki, özü də şəhid olmaqla bir elin, obanın, xalqın sevimlisinə, iftixarına, and yerinə çevrildi”.
Pəncəli Nurməmməd oğlu Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində  anadan olub. 1986-1998-ci illərdə Asxanakəran kənd tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könülü olaraq xidmətini davam etdirib. Və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.
Pəncəli ilk dəfə hərbi libas geyinib əlinə silah alanda ürəkdən sevinmiş, özünü dünyanın ən xoşbəxt insanı bilmişdi. Elə bil bir az da böyümüş, gücü-qüvvəti artmışdı. Əslində bu gücü ona verən ürəyindəki tükənməz Vətən eşqi, Vətən məhəbbəti, torpaq, yurd sevgisi idi. Elə bu sevgi də onu hərbiçi peşəsinə bağlamış, həqiqi hərbi xidmətdən sonra ömrünün mənasını Vətənə xidmətdə görərək mehrini bu çətin, mürəkkəb peşəyə salmışdı…
Pəncəlinin bacarığı, yüksək fiziki hazırlığı, Vətənə olan sonsuz məhəbbəti ilk gündən komandirlərin diqqətini cəlb etmişdi. Ona görə də bir neçə dəfə ölkəmizdə və qardaş Türkiyədə kurslarda iştirak etmiş, əsl hərbiçi kimi formalaşmış xüsusi təyinatlı kəşfiyyat alayının gizirliyinə qəbul edilmişdi. Elə əsl istəyi də bu idi. Böyüyüb ərsəyə yetdiyi vüqarlı dağlar sağlamlıq, tükənməz güc, möhkəmlik vermişdi ona. Uşaqlıqdan çətinliyə alışmış, bərkdən-boşdan keçmişdi.
2013-cü ilin avqust ayında evlənməyə qərar verdi. Toyunda dediyi sözlər isə doğmalarını çox mütəəssir etmişdi. Pəncəli doğmalarının, elin, obanın böyük şadyanalıq etdiyi toyda sanki, qələbə günündə toyunun çalınacağı vədinə əməl etmədiyi üçün and içdi:
– Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu eləmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın.
 Bəli, bu, təxəyyülün məhsulu deyil. Artıq bütün Azərbaycan xalqı internetdə “You Tube” portalında “Şəhid gizir toyunda özünə bunu arzulamışdı” videosunda şəhid Vətən oğlunun bu müqəddəs andını öz dilindən eşitdi. Bu andı damarında azərbaycanlı qanı axan hər bir Vətən övladı içə bilər. Ancaq bunu öz toyunda hamının sənə xoşbəxtlik, firavan gələcək arzuladığı bir məqamda etmək SƏNİN nə qədər böyük sevgi ilə yurd aşiqi, nə böyük VƏTƏN  ÖVLADI olmağını birdaha göstərdi.
  Astarainfo.az   .

Azər Abdullayev