Azərbaycan Prezidenti İlham Əliyev Belarus Dövlət Sərhəd Komitəsinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lapponu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxtımıza budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü dedi. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq dedi: “Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam və o illəri xoş təəssüratla xatırlayıram”.
Prezident İlham Əliyev xoş sözlərə görə məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı ötən dövr ərzində Naxçıvanda böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq, qonağın ölkəmizə bu səfərinin onun xidmət etdiyi yerləri yenidən görmək üçün yaxşı imkan yaratdığını dedi.
Görüşdə Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, iki dövlətin sərhəd xidmətləri arasında əməkdaşlığın əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi.