Paytaxtın rekreasiya zonasının sanitariya vəziyyətinin monitorinqi keçirilib

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2017-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi müəyyənləşdirilib, həmin çimərliklərdə bakterioloji çirklənmə göstəriciləri normadan yüksək olub.

Bununla əlaqədar Şıx çimərliyinin və Qaradağ rayonu Sahil çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş qərar qüvvədə saxlanılıb.