Tibb elmi əsas bilik sahələrindən olsa da, indiyədək səbəbi məlum olmayan və müəmmalarla dolu çoxlu hadisələr baş verib. Bir sıra şəfasız xəstəliklərin, uzun müddət komaya düşərək ayılanların, uzunmüddətli yuxuya gedənlərin, orqanizmin qeyri-adi xüsusiyyətlərinin sirri hələ də aşkar edilməyib.

AZƏRTAC həmin hadisələrdən bəzilərini təqdim edir.

Yarım əsr ana bətnində

Mərakeşli qadın Zəhra Əbutalib təxminən yarım əsrə qədər bətnində uşaq daşıyıb. 1955-ci ildə doğum evinə çatdırılan Zəhra qeysəriyyə əməliyyatı zamanı başqa bir qadının ölüm ayağında olduğunu görüb doğuş çarpayısına uzanmaqdan imtina edib. Ağrılar ötüşəndən sonra Zəhra bətnində “uyuyan körpə” olduğunu düşünüb. Yerli əhalinin inancına görə, qadınların şərəfini qorumaq üçün döl uşaqlıqda yataraq yaşayır.

Zəhra 75 yaşında bədənində yenə kəskin ağrılar hiss etməyə başlayıb. Həkimlər onu ultrasəs müayinəsinə salandan sonra uşağın ana bətnində öldüyü müəyyən edilib. Məsələnin möcüzəli tərəfi ondadır ki, qadının bədəni ölü körpəni bir orqan kimi qəbul edərək yaşamaq funksiyasını davam etdirib.

Barmağı ilə kağız yandırır

Yüksək gərginlikli elektrik cərəyanı öldürücü gücə malikdir. Ancaq puerto-rikolu Xose Rafael Markes Ayalanın bədəni çox güclü elektrik cərəyanını qəbul edir. O, elektrik dalğalarına məruz qalsa da, sağlam qalır. Ayalanın daha bir maraqlı cəhəti isə bədənindəki elektrik sayəsində barmağı ilə kağızı yandırmaq qabiliyyətidir.

Kəpənək qanadları kimi

Saear və Coşua Termoind genetik Epidemilуsis bulloza xəstəliyinə tutulub. Amansız xəstəlik zamanı dəri müdafiəsiz qalır, aşınma və qabarıqlar alt tərəfdəki toxumalara zərər vurur. Saear 2008-ci ildə vəfat etsə də, Coşua hələ də xəstəliklə mübarizə aparır. Həkimlər həmin xəstəliyə tutulanların orta hesabla 30-40 il ömür sürdüyünü söyləyir və onları “kəpənək uşaq” adlandırırlar. Xəstəliyə belə ad verilməsinin səbəbi dərinin kəpənək qanadları kimi yumşaq olmasıdır. Xəstə uşaqlar ağrını azaltmaq üçün xüsusi bandajlarla gəzsələr də, təəssüf ki, onu müalicə etmək mümkün deyil.

118 gün ürəksiz

ABŞ-ın Cənubi Karolina əyalətinin sakini Janna Simmons 4 ay ürəksiz yaşayıb. O, dilatasion kardiomiopatiyadan əziyyət çəkir və ürəyi qan vurmurdu. Simmonsun orqanizmi əməliyyat nəticəsində transplantasiya olunan ürəyi qəbul etməyib. Həmin müddətdə xəstəxananın süni qan pompalama aparatı ilə yaşayan Simmonsun ürəyinə118 gün qan dövranı iki pompa vasitəsilə həyata keçirilib. Bütün bunlara baxmayaraq, onun ürəyi möcüzəli şəkildə yaşamağa davam edib.

Yuxuya həsrət ailə

FFİ-(fatal faminal insomnia) adı verilən yuxu pozğunluğu genetik səbəblərdən üzə çıxır, xəstəliyə tutulanlar yuxuya gedə bilmirlər. Sent-Luis ordusunun serjantı 29 yaşlı Şeril Dingesə həmin xəstəlik ailəsindən keçib. O, dünyada 40 ailədə təsadüf edilən genetik xəstəlik üzündən anasını, babasını və əmisini itirib. FFİ xəstəsi hallüsinasiya görməyə başlayır. Əgər ana və atanın hər hansı birində FFİ-yə səbəb olan gen varsa, xəstəliyin keçmə ehtimalı yarıbayarıdır və xəstəlik prionlara aiddir.

19 illik… ayrılıqdan sonra

Polşada dəmiryolçu Yan Qrjebski vaqonları bir-birinə bağlayarkən qəzaya uğramışdı. Xəstəxanada müalicə edilərkən həkimlər onun beyin xərçənginə mübtəla olmağını da üzə çıxarıblar. Dərin koma vəziyyətinə düşən dəmiryolçunun uzağı 3 il yaşayacağı güman edilirdi. Lakin 19 ildən sonra–2007-ci il aprelin 12-də o, komadan ayıldı. Qrjebski komaya düşəndə Polşada kommunist rejimi hökm sürürdüsə, ayılanda ölkə kapitalist inkişaf yolunda idi.

Suya qarşı allergiya

21 yaşlı Avstraliya sakini Eşli Morris və İngiltərədən olan 23 yaşlı Mikaela Datton sudan istifadə edərkən onlarda allergik əlamətlər meydana çıxırdı. Duş almaq onlar üçün çox ağrılı idi. Mikaela nə su, qəhvə və ya çay içə, nə də sulu meyvə yeyə bilmirdi və yalnız diyetik içkilər qəbul edirdi. Eşli tərlədiyinə görə idman etmir, özünü yormurdu, çünki dərisində allergik reaksiyalar yaratdığına görə tər ona zərər verirdi.

Tüklə örtülü üz

Hindistanlı oğlan Pritviraj Patili və sinqapurlu qız Supatra Sasufaniı digər uşaqlardan fərqləndirən keçirdikləri hipertrixozis-uşaq qurd sindromu xəstəliyidir. Çox nadir hallarda təsadüf edilən həmin qeyri-adi xəstəlik nəticəsində üzdə nəzarətsiz tüklər çıxır və sifət tüklə tam örtülür. Şəfasiz xəstəliyə mübtəla olanlar hamıdan təcrid olunmuş vəziyyətində yaşamaq məcburiyyətində qalırlar.

Qardaş qardaşa bənzəməz…

Amerikalı Alsides və Edqar Moreno qardaşları hündürmərtəbəli binalarda şüşələrin təmizlənməsi işlərinə baxırdılar. 2007-ci il dekabrın 7-də iş zamanı üstündə dayanıb işlədikləri platforma çöküb və qardaşlar binanın 47-ci mərtəbəsindən kəllə-mayallaq yerə gəliblər. Edqar həyatını itirsə də, qardaşı möcüzəli şəkildə sağ qalıb. Hadisə nəticəsində Alsidesin qabırğaları, iki ayağı və sağ qolu qırılıb. Onun üzərində 16 cərrahiyyə əməliyyatı aparılandan sonra həkimlər Alsides Morenonu xəstəxanadan evə buraxıblar.