Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə, yaralananların sayı isə 431 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həyatını itirənlərin 6-sı turist, 2-si isə yerli sakindir. Daha 12 nəfərin şəxsiyyətini üzərilərində heç bir sənəd tapılmadığı üçün müəyyən etmək mümkün olmayıb. Xəsarət alanlardan 18-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, avqustun 8-də axşam saatlarında Çinin Siçuan əyalətində 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri əyalətin Nqava-Tibet-Çyans muxtar dairəsinin Szyuçjayqou bələdiyyəsinin ərazisində yer səthindən 10 km dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində 20 mindən çox ev dağılıb, aralarında turistlər də olmaqla 60 min nəfərə qədər insan təxliyə olunub.
Zəlzələdən sonra ən güclüsü 4,8 bala çatan 1690 təkrar yeraltı təkan qeydə alınıb.