Xəbər verildiyi kimi, Şimali Koreya rəhbərliyi artıq bir neçə gündür ki, Sakit okeanda Amerikanın Quam ərazisinə zərbələr endirəcəyi barədə hədə-qorxu gəlir. Bu hədələrə cavab olaraq Prezident Donald Tramp cümə axşamı Şimali Koreya rəhbərliyinə bir daha xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Tramp Şimali Koreyanın bəyanatlarını cavabsız qoymayıb və bildirib ki, deyəsən, ABŞ-ın Pxenyana “atəş və qəzəblə” cavab verəcəyi barədə bundan əvvəlki xəbərdarlığı “yetərincə sərt olmayıb”.
Şimali Koreya rəhbərliyi bildirmişdi ki, Yaponiya səmasına raket buraxacaq və həmin raket Sakit okeanda Amerikaya məxsus Quam ərazisinin yaxınlığında yerə enəcək. Bu bəyanatdan sonra Tramp demişdi ki, əgər belə bir addım atılarsa, onun cavabında dünyada misli görünməmiş bir hadisə baş verəcək. ABŞ Prezidenti Şimali Koreya rəhbəri Kim Çen Ina xəbərdarlıq edərək deyib: “O, Quamı hədələməyəcək. O, Birləşmiş Ştatları hədələməyəcək. O, Yaponiyanı da hədələməyəcək. O, Cənubi Koreyanı da hədələməyəcək”.
Xatırladaq ki, Şimali Koreya rəhbərliyi cümə axşamı yeni bəyanatla çıxış edib. Həmin bəyanatda bildirilir ki, bu ölkənin ordusu Yaponiya səmasına orta məsafəli dörd raket buraxılması planlarını avqustun ortalarında başa çatdıracaq. Şimali Koreya lideri Kim Çen In müvafiq göstəriş verən kimi həmin raketlər Quam adası yaxınlığında yerə enəcək. Həmin planlara əsasən, raketlərin Quam adasından 30-40 kilometr məsafədə dənizə enməsi nəzərdə tutulur.
ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Süzan Rays cümə axşamı CNN agentliyinə verdiyi müsahibədə bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreyaya qabaqlayıcı zərbə endirilməsini istisna etməlidir. Qabaqlayıcı müharibənin fəlakətə səbəb ola biləcəyini vurğulayan S.Rays qeyd edib ki, Tramp ilə Çen In arasında qızğın polemika hər iki ölkəni müharibəyə yaxınlaşdıra bilər.