Park-bulvar kompleksi Astara şəhərində  Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir.Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır.Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır.

Astarainfo.az bildirir ki, artıq iki ildir ki, istifadəyə verilən dənizkənarı park-bulvarın şöhrəti bütün Azərbaycana yayılıb. Astaralıların sevimli istirahət guşəsinə çevrilən, park-bulvara gələnlərin sayı son günlər xeyli artmışdır. Ötən mövsümdə minlərlə astaralı və rayonumuzun qonaqları bu gözəl istirahət məkanında yaradılan nümunəvi şəraitə görə ölkə və rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Füsunkar gözəlliyi və göz oxşayan sahil mənzərəsi ilə  turistləri, qonqları özünə heyran qoyan park-bulvarda əhalinin, xüsusən gənclərin və uşaqların mənalı və səmərəli istirahəti, dincəlmələri və idmanla məşğul olmaları üçün mühüm obyektlər inşa edilib.
Beş ulduzlu “Tuado” hoteli, AAAF Parkın “Satış Mərkəzi”, “Zirvə” Uşaq İdman Akademiyası  və “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi və tikilən binalar yerli əhalinin və gələn qonaqların daim xidmətindədir. Bu obyektlərin hər birində zəngin memarlıq üslubu ilə yanaşı, milli xüsusiyyətləri özündə əks etdirən ornamentlərdən geniş istifadə edilib.
Dünyanın ən böyük təndirlərindən biri də dənizkənarı park-bulvarda inşa edilib. Burada daha üç kiçik təndirdə çörək, ləvəngi yeməkləri bişirilir. Böyük təndirin içərisində arzu edənlər yemək sifariş verə bilirlər.
Dəniz kənarında, çimərlik ərazisində vətəndaşlara hər cür xidmət göstərən istirahət məkanlarının inşası davam etdirilir. Bir sözlə, yay  mövsümündə dənizkənarı park-bulvara və çimərliyə gələnlərin sayı turistlərlə birlikdə çoxluq təşkil edir.Park Bulvarın şöhrəti respublikamızın ayrı-ayrı guşələrinə, hətda xarici ölkələrə yayılmışdır. Bu gün Astara rayonuna gələn yerli turistlərlə bərabər xarici turistlərin sayı da az deyil.Bəli, dünyada öz gözəlliyi və orijinallığı ilə fərqlənən paytaxt Bakımızın bulvarı ilə yanaşı ona tay olan və bölgələrdə analoqu olmayan Astara şəhərindəki dənizkənarı park-bulvar öz nadir görünüşü ilə ora gələnləri və qonaqları yüksək səviyyədə qarşılamağa hazırdır.
Astara şəhərində dənizkənarı park-bulvar kompleksinin ərazisində cənub bölgəsinə xas olan ,öz arxitekturası ilə diqqətləri özünə cəlb edən Ləm adlanan yay istirahət evlərini xatırladan və əsl istirahət məkanı olan Ləm Restoran fəaliyyətə başlamışdır.Burada turistlərə milli və avropa mətbəxi təqdim olunmaqla onların istirahəti üçün hər cür şərait yaradılmışdır.
Park Bulvarın gecəsi də başqa bir aləmdir.Minlərlə insanın axışıb gəldiyi Astara bulvarı öz möhtəşəmliyi ilə hər kəsi valeh edir.Sahildəki dalğaların səsi bütün səssizliyi yox edərək insanların səsi ilə qeyri adi ahəng yaradır.Yay mövsümündə hər axşam milli və xarici musiqilərdən ibarət ifalar,  astaralıların, qonaqların və gələn turistlərin zövqüncə olur. Gənclərin rəqsləri də ifalara əsl gözəllik qatır.Astaralıların və gələn qonaqların istirahətini təmin etmək üçün demək olar ki, hər bir şərait yaradılmışdır.
Astaralıların böyük fəxr və qürur hissi ilə istirahətə gəldikləri gözəl və yaraşıqlı məkana çevrilmiş dənizkənarı park bulvar ərazisi genişləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 8 iyun tarixli Sərəncamı ilə Astara şəhərindəki dənizkənarı park-bulvarın genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması böyük ruh yüksəkliyinə səbəb olmuş, rayonumuzun turizm imkanlarını xeyli artırmış, yeni turizm məkanlarının yaradılmasına əlverişli şərait yaratmışdır.Bulvarın ərazisi genişləndirildikdən sonra yeni mənzərəsi çox möhtəşım olacaqdır. 9 hektar ərzidə Bayraq meydanı, qala divarları, iaşə obyektləri, idman kompleksi, əyləncə mərkəzləri inşa edilməsi, xaricdən gətirilmiş müxtəlif növ ağacların əkilməsi və digər infrastruktur layihələrin icrası nəzərdə tutulmuşdur.Hazırda tikinti-quruculuq işləri yüksək səviyyədə davam etdirilir.Astaralılar bütün bu diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkür və minnətdarlığını bildirirlər.
Astarainfo.az

Astarainfo.az