İtaliyanın nüfuzlu “sport.ilmessaggero.it” xəbər saytında və ölkənin bir neçə aparıcı mətbuat orqanında (“repubblica.it”, “247.libero.it”, “ilsole24ore.com”,“it.eurosport.com”) “200 metr məsafəyə qaçış üzrə dünya çempionatında sürpriz: Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev çempion oldu. Vayde Van Nikerk ikinci yeri tutdu” başlıqlı xəbərlər dərc olunub.
Yazıda Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyevin afrikalı favoritlər – Vayde Van Nikerk və İsaak Makvalanı qabaqlayaraq sürpriz şəkildə qələbə qazandığı diqqətə çatdırılır.
Bildirilir ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının finalında Ramil Quliyev 200 metr məsafəyə qaçışda 20,09 saniyə ilə finiş xəttinə birinci çatıb. Türkiyəli atlet Useyn Boltun cənubi afrikalı davamçısı hesab edilən Vayde Van Nikerki (20,11 saniyə) geridə qoyub. Üçüncü yeri isə Jerim Riçards (20,11 saniyə) tutub. Son günlər uğursuzluqlar yaşayan botsvanalı Makvala isə 20,44 saniyəlik göstərici ilə yalnız 6-cı yerdə qərarlaşıb.
Ramil Quliyev yüngül atletika yarışlarında çempion olan ilk türkiyəli idmançı kimi tarixə düşüb.