“Sürpriz transfer ola bilər” – Tahir Gözəl

“Qarabağ” Topaz Premyer Liqanın 1-ci turunda səfərdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi.  Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. Ümid edirəm ki,  yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.

– Demək olarmı meydanda ancaq “Qarabağ” var idi?

– Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.

– “Qarabağ” bütün diqqətini “Kopenhagen”lə Bakıdakı oyuna yönəldib. Yəqin ki, məqsəd qol buraxmadan qələbə qazanmaq olacaq…

– Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.

– “Qarabağ” ən azı qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?

– Söz-söhbət gedir. Ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.

– Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?

– Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın yüksək keyfiyyətləri ilə seçilən legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.

– Kintananın zədə alması həmin transferi sürətləndirəcək?

– Xeyr. Bununla əlaqəsi yoxdu.

– Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?

– Böyük uğurdür. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.

– Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?

– “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.