Astara rayonu hələ qədimdən yüksək keyfiyyətli düyüsü ilə məşhurdur. Son illərdə respublikamızın cənub bölgəsində, xüsusən Astara rayonunda bu qiymətli məhsulun yetişdirilməsinə diqqət artıb.
Astarainfo.az xəbər verir ki, artıq bir neçə gündür ki, Astaradakı çəltik sahələrində biçin işlərinə başlanılıb. Bu il havaların əlverişli keçməsi, həmçinin düzgün aqrotexniki qulluq fermerlərə məhsul sahələrindən bol çəltik əldə edilməsinə şərait yaradıb. Sahələrə xeyli sayda kombayn və texnika cəlb olunub. Ötən il rayonda ümumilikdə 147 hektar ərazidə çəltik əkilmişdirsə, bu il təsərrüfat sahibləri sahələrini 3 dəfə genişləndirərək 450 hektara çatdırmışlar.Bu ötən ilə nəzərən daha çox məhsul olacağından xəbər verir.
Astara düyüsünün şöhrəti bütün dünyaya yayılmışdır desək yanılmarıq. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Rayonun Artupa, Səncərədi, Kakalos, Ərçivan və digər yaşayış məntəqələrində çəltikçiliyin inkişafına daha çox diqqət yetirilir.
Ötən il olduğu kimi, bu il də ən çox çəltik əkini Səncərədi ərazi icra nümayəndəliyində əkilib.Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 5 kənd daxildir ki, bunlardan əhalisinin sayına və ərazisinə görə ən böyüyü Artupa kəndidir. Kənddə 448 təsərrüfatda 2150 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çəltikçilik, heyvandarlıq və sitrusçuluqdur. Rayonda çəltikçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri daha çox “Haşimi”, “Həsəni”, “Sədri” , “Xəzər”, “Çin” və “Şaban” növündən olan çəltik toxumlara üstünlük veriblər.
Məhsul istehsalçıları çəltikçilikdə yüksək məhsuldarlıq əldə etmək üçün yeni toxumların əkilməsini və mini texnikadan istifadə edilməsini vacib şərt hesab edirlər. Çəltik əkini zamanı mineral gübrələrdən istifadə edilmir. Buna görədir ki, Astara rayonunda istehsal edilən düyü ekoloji cəhətdən ən təmiz düyü hesab edilir.
Elə bu kəndə gəlişimiz də çəltik yığımı vaxtına təsadüf etdi. Sarı kəhrəbaya bənzər çəltik sahələrində zəhmətkeş insanlar əkib becərdikləri məhsulun yığımı ilə məşğul idilər. Torpağa baş əyən sünbüllərin görüntüsündən və kənd əməkçilərinin çöhrəsindəki sevincdən bol məhsulun olduğu duyulurdu.
Fermer Ramin Hüseynov qeyd etdi ki, bu il Səncərədi ərazisində 112 hektar çəltik əkilmişdir ki, bunun 8 hektarında biçin aparılmışdır və hal-hazırda isə biçin davam etdirilir.Fermer bildirmişdir ki, biçin üçün bütün texniki vasitələr sahəyə cəlb olunmuş və bu il bol məhsul gözlənilir. Çox gəlirli və faydalı sahə olan çəltikçiliyin hər vasitə ilə inkişaf etdirilməsinin vacib olduğunu və yaxşı toxum yaxşı məhsul əldə etmək üçün həlledici şərtdir deyə sahibkar bildirib. Bu il havaların əlverişli keçməsi, həmçinin düzgün aqrotexniki qulluq fermerlərə məhsul sahələrindən bol çəltik əldə edilməsinə şərait yaradıb.Hal-hazırda çəltik biçini Astara rayonunda davam edir.
Astarainfo.az