Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” oyununa texniki işlər sabah günün birinci yarısına qədər yekunlaşacaq.
Bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, UEFA-nın tələbinə əsasən, meydançanın kənarında bilbordlar – elektron reklam lövhələri quraşdırılacaq: “Bu, pley-off matçı olduğu üçün bilbordların olması vacibdir”.
Klub rəsmisi həmçinin stadionda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən “Goal line” sisteminin quraşdırılmasının yekunlaşmaq üzrə olduğunu söyləyib: “Bu gün gecə də texniki işlər aparılacaq. Sabah günün birinci yarısına kimi bu işlərin tam yekunlaşacağı gözlənilir”.
Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.