“Microsoft” şirkəti öz əməliyyat sisteminin server və işçi stansiyalar üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. “Windows 10 Pro for Workstations” versiyası məhsuldarlıq və təhlükəsizliyin gücləndirilməsi üçün çox yüklənmiş peşəkar sistemlərdə tətbiq edilən bir sıra texnologiyaları dəstəkləyir.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni versiya “Microsoft” üçün hazırlanmış server səviyyəli fayl sistemini – “ReFS” (Resilient File System), “NVDIMM-N” enerjidən asılı olmayan əməli yaddaşı, həmçinin kompüterlər arasında “SMB Direct” şəbəkəsi üzrə böyük həcmli məlumatların sürətli mübadilə texnologiyasını dəstəkləyir. Bundan başqa, yeni versiyanı 4 prosessorlu (adi “Pro” maksimum iki mərkəzi prosessor dəstəkləyir) və 6 terabaytadək (“Pro” versiayda 2 TB-dəkr) əməli yaddaşa malik sistemlərə quraşdırmaq olar.

İşçi stansiyalar üçün nəzərdə tutulmuş “Windows 10 Pro” sistemi sonuncu “Intel Xeon” və “AMD Opteron” prosessorlarını dəstəkləyir. “ReFS” fayl sistemi məlumatların bütövlüyünü qoruyaraq informasiyanın maksimum əlçatanlığını təmin edir. Bu fayl sistemi nəzəri cəhətdən 4,7 zettabaytadək (1 zettabayt 1 milyard terabaytdır) dəstəkləyir.