Tibet süd göbələyi göbələk və bakteriya yığıntılarının simbioz həyatından ibarət selikli kapsula malik həlməşik kütlədir. Həlməşik bakteriya kütləsi polisaxarid və bəzən də azotlu birləşmə qarışığından ibarət olur.

AZƏRTAC xəbər verir ki, Tibet süd göbələyi unikal müalicəvi təsirə malikdir. Onun həyat fəaliyyəti nəticəsində əmələ gələn kefir insan orqanizminə ümumən sağlamlaşdırıcı təsir göstərir. Hələ qədim Yunanıstan, Roma, Hindistan, Tibet və Asiya ölkələrində südü turşutmaq və kefir əldə etmək üçün ondan istifadə edirdilər. Göbələyin diametri erkən inkişaf mərhələsində 5-6, yetişəndən sonra 40-50 millimetrə çatır, ağımtıl-sarı rəngdə olur. Yetkin mərhələdə göbələk gül kələminin cicəklərinə bənzəyir.

Süd göbələyi ilə müalicə uzun müddət Tibet təbabətində gizli saxlanılıb. Onu Hindistandan Avropaya ilk dəfə polşalı bir professor aparıb. Beş il Hindistanda yaşayan professor orada Tibet göbələyinin köməyi ilə qaraciyər xərçəngindən müalicə olunub. Həmin göbələk zahirən bişmiş düyünü xatırladır.

Onun hazırlanma qaydası belədir: 2 çay qaşığı göbələk üzərinə 200-250 ml süd tökülüb otaq temperaturunda 24 saat saxlanılır. 17-20 saatdan sonra süd turşumağa başlayır. Turşumanın əsas əlaməti südün qatılaşmağı hesab edilir. Qatılaşmış süd süzgəcdən şüşə bankaya süzülür və göbələkdən ayrılır. Süzüləndən sonra göbələklər təmiz soyuq su ilə yuyularaq qatı süddən təmizlənir. Təmiz göbələklər yenidən qaba yerləşdirilərək üzərinə müəyyən miqdarda süd əlavə edilir. Göbələklərin südü hər gün dəyişdirilməyəndə artıb çoxalmır və qəhvəyi rəngə boyanır.

Göbələyin turşuma məhsulu olan süd gündə bir dəfə 200-250 ml olmaqla gecə yatmazdan 30-60 dəqiqə əvvəl acqarına içilir. Müalicə kursu 20 gün aparılır. Südün qəbulunu 10 günlük fasilələrlə 1 ilə qədər davam etdirmək olar. Müalicə müddətində tünd içki və dərmanların qəbulu dayandırılır. Göbələyin turşutduğu süddən əl və üzün, ağrılı nahiyələrin silinməsində, həmçinin müxtəlif un məmulatlarının hazırlanmasında da istifadə edilir. Yaraların və itdirsəyinin yerli müalicəsində həmin nahiyəyə 20-30 dəqiqə süddə isladılmış tənzif qoyulur. Müalicə kursu 1 həftə aparılır.

Tibet süd göbələyi immun sistemini fəallaşdırır, maddələr mübadiləsini, bağırsaq mikroflorasını normalaşdırır, spazmolitik, odqovucu, allergik, mikrob və iltihab əleyhinə təsir göstərir, diqqət və yaddaşı yaxşılaşdırır.

Tibet süd göbələyi canlı orqanizmdır. Ona görə də onu bankada ağzı bağlı şəkildə saxlamaq, isti və qaynar su ilə yumaq düzgün deyil, çünki göbələk öz müalicəvi təsirini itirə bilər.