Bakıda Hindistanın müstəqilliyinin 70-ci ildönümü münasibətilə konsert olub

Avqustun 15-də Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqilliyinin 70-ci ildönümü münasibətilə konsert proqramı təşkil olunub.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin müstəqillik tarixindən danışıb.

Səfir Hindistan ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. “Ölkələrimiz arasında əlaqələr neft-qaz, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə inkişaf edir. Biz siyasi və iqtisadi sahələrdə yeni təşəbbüslər irəli sürürük. Ümid edirik ki, əməkdaşlığımız gələcəkdə daha da inkişaf edəcək”, – deyə səfir bildirib.

Sonra Azərbaycanın gənc muğam ifaçısı Almaxanım Əhmədlinin, hindistanlı Anapuma Kauşik və Tuluki Palın ifalarında konsert proqramı olub.