“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən bu ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. Alınan biletlərin 169-u ikitərəfli olub.
Astarainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, onlayn bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.
Qeyd edək ki, Gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir.
Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Son günlər Avropa ölkələrindən də bilet sifarişinə maraq artıb.
Elektron bilet xidməti ölkədən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir İKT-dən istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə gerçəkləşdirilir.