Azərbaycanda keçirilən Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransı iştirakçıların sayına, təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük tədbirləridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Skaut Komitəsinin rəhbəri Joao Armando Qonsalves bildirib.
Joao Armando Qonsalves deyib ki, Azərbaycanda turizmin inkişafı və ölkənin beynəlxalq miqyasda tanıdılması baxımından Qəbələdə və Bakıda belə mühüm tədbirlərin keçirilməsi doğru addımdır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Biz Azərbaycanın bu sahədə peşəkarlığına əmin olduq. Bu, təkcə mənin deyil, ilk dəfə Azərbaycana gələn yüzlərlə iştirakçının da fikridir. Qəbələdə keçirilmiş 13-cü Dünya Skaut Gənclər Forumunu xüsusi qeyd etmək lazımdır. Qəbələnin gözəl təbiəti, insanların mehribanlığı və qonaqpərvərliyi bizdə zəngin təəssürat yaratdı. Bununla yanaşı, paytaxt Bakının gözəlliyi də bizi yaxşı mənada təəccübləndirdi. Əlbəttə, Azərbaycanın milli mətbəxindən də zövq aldıq. Bir sözlə, Azərbaycanla fəxr etməmək mümkün deyil. Bütün iştirakçılar öz ölkələrinə zəngin təəssüratlarla qayıdacaqlar və bu təəssüratları öz yaxınları ilə bölüşəcəklər. Dünya gəncləri, onların yaxınları bu forum sayəsində Beynəlxalq Skautlar Hərəkatının prinsipləri barədə daha çox məlumat əldə edəcəklər.
“Skautinqin vacib tərəfi ondan ibarətdir ki, gənclər özlərini dünya hərəkatının bir parçası kimi hiss edirlər, bütün ölkələrdə onlarla həmfikir olan insanlar var. Eyni zamanda, bütün dünyada, o cümlədən Azərbaycanda keçirdiyimiz tədbirlərdə skautlar bir-biri ilə ünsiyyət yaradır, ətraf mühitin qorunması kimi ciddi problemlərin həlli ilə bağlı müzakirələr aparırlar”, – deyə Joao Armando Qonsalves qeyd edib.