Avqustun 15-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.
Otuz beş minə yaxın azarkeşin izlədiyi matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayıb.
İtaliyalı baş hakim Paolo Tagliaventonun idarə etdiyi oyunun birinci hissəsinə Ağdam təmsilçisi daha fəal başlayıb. Qarşılaşmanın 13-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Miçel hesabı açmağa yaxın olsa da, zərbəsi dəqiq olmayıb. Futbolçularımızın əzmkar çıxışı oyunun 25-ci dəqiqəsində “Qarabağ”ın hesabda önə çıxması ilə nəticələnib. Belə ki, Dino Ndlovunun “Kopenhagen”in qapısına vurduğu top tirə dəyib qayıtsa da, Mahir Mədətov hücumu qolla tamamlamağı bacarıb. Bu, Mahir Mədətovun avrokuboklarda ilk qoludur. Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə görüşündə hesabı açan futbolçu indiyədək qitə miqyaslı turnirlərdə fərqlənməmişdi. Bu görüş futbolçunun 11-ci avrokubok matçı olub. İlk qolunu 11-ci oyununda vuran M.Mədətov Azərbaycan klublarının heyətində avrokuboklarda qol vuran 128-ci oyunçu olub.
Komandaların cəhdlərinə baxmayaraq matçın birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə yekunlaşıb – 1:0.
Görüşün ikinci hissəsi də futbolçularımızın üstünlüyü şəraitində keçib. Matçın 52-ci dəqiqəsində Ansi Aqoli, bir dəqiqə sonra isə Donald Gerrye Danimarka təmsilçisinin qapısına zərbələr endirsələr də, top qapı tirinə dəyib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, görüş 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Danimarkada keçiriləcək.
Xatırladaq ki, pley-off mərhələsinədək “Qarabağ” klubu Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” komandalarını mübarizədən kənarlaşdırıb.