Tarix boyunca insanların dirilik suyunu tapmaq üçün böyük mübarizə verdiyi heç kimə sirr deyil. Dirilik suyu hələ tapılmamış olsa da, bəzi ölkələrdə insan ömrünün dünya ortalamasından (71 il) çox daha yüksək olduğu gerçəyi var.

 “Dünya Xoşbəxtlik Sənədi” uzunömürlü insanların yaşadığı ölkələri təqdim edir.

YAPONİYA

Burada ortalama ömür 83 ildir. “Ölümsüzlər diyarı” adı ilə tanınan Okinava adası uzun ömürlülüyə dair elmi araşdırmaların mərkəzi halına gəlib.

Yaponiyanın cənub adalarında 100 yaşı haqlamış 400-dən çox insan var.

Yaponiyada yaşayan qoca insanlar aktiv sosial həyat tərzi keçirir. Yaşlıların aktiv sosial çevrəyə sahib olması stress səviyyəsinin aşağı olmasına və sahiblənmə duyğusunun inkişafına səbəb olur.

Buradakı uzunömürlülüyün sirlərindən biri də sağlam qidalanma ilə bağlıdır. Bölgə sakinləri tofu (soya lobyası suyunun fermentlərindən hazırlanmış pendir növü), şirin kartof və balıqdan bol-bol istifadə edir.

İSPANİYA

İspaniyada ortalama ömür 82,8 ildir. Bu rəqəmdə zeytun yağı, tərəvəz və şərabın böyük payı var. Bu ölkənin şəhərlərindəki sıxlıq insanları avtomobildən istifadə etmək əvəzinə piyada gəzməyə vadar edir.

Burada günorta 14:00-17:00 arasında mağazalar bağlanır və həyat durur. İspanlara görə gün ərzində kiçik fasilələr zamanı sağlam qidalanmaq mümkün deyil. Ona görə də onlar 2-3 saatlıq ara verərək evə və ya restorana gedib düzgün şəkildə yemək yeyirlər.

SİNQAPUR

Sinqapurda ortalama ömür 83.1 ildir. Burada yaşayan insanlar “möcüzə” adlandırılan sağlamlıq sisteminə sahibdir. Uşaq və hamiləlik zamanı yaşanan ölümlər ən aşağı səviyyədədir. Sinqapurdakı parklarda çox sayda idman edən insanlar görə bilərsiniz.

Ölkədə idman etmək mədəniyyəti geniş yayılıb. Bir müddət öncə yaşlılar arasında stressi azaltmaq və ruhi sağlamlığı qorumaq məqsədilə xüsusi parklar belə açılıb. Əlavə olaraq, siqaret və spirtli içkiyə tətbiq edilən vergi dəyəri olduqca yüksəkdir.

İSVEÇRƏ

Avropanın ən zəngin ölkələri arasında olan İsveçrədə kişilərin ortalama yaşam müddəti 81 ildir. Sağlıq xidmətlərinin inkişafı ilə yanaşı, pendirdən istifadənin bu rəqəmin yaranmasında payı çoxdur.

Dünyanın ən yaxşı özəl məktəblərinin burada yerləşməsi ölkəni yaşamaq üçün daha cazibədar bir hala gətirir. Alp dağlarının şəhərlərə yaxın olması insanların təbiət qoynunda istirahət etməsini də təmin edir.

Həftənin sonunda şəhər həyatından uzaqlaşmaq istəyənlər Alp dağlarına və Avropanın digər ölkələrinə qısa müddətli səyahət etmək imkanına sahibdir.

CƏNUBİ KOREYA

Araşdırmalar zamanı məlum olub ki. Cənubi Koreya ortalama ömrün 90 ili keçdiyi ilk ölkədir. Bunda güclü iqtisadiyyatın və inkişaf etmiş səhiyyə sisteminin böyük rolu var. Bu ölkədə fermentlərin üstünlük təşkil etdiyi qida məhsullarından istifadə geniş yayılıb. Bu növ qida məhsulları xolestrol səviyyəsinin aşağı olmasına, immun sisteminin güclü olmasına və enerji dəyərinin çoxluğuna səbəb olur.

Ölkədə məhəllə həyatına önəm verilir. Ümumi hamamlar kimi insanları bir araya gətirən məkanların olması onları sosiallaşmağa, yenilənməyə sövq edir.

Buddizmin də fərdiyyət olmağın əksinə, birlik olmağı təbliğ etməsi sosial mədəniyyətin inkişafına təsir göstərdiyinə inanılır.

 Publika.az