2017-2018-ci tədris ili üçün Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) bakalavr pilləsinin birinci kursuna qəbul olunan abituriyentlərin sənəd qəbulu dünəndən başlayıb. Bu il ATMU-ya 12 ixtisas üzrə tələbə qəbulu elan edilib. Birinci mərhələdə elan olunan yerlərin 100 faizi dolub. Sənəd qəbulunun ilk iki günündə universitetə qəbul olan 470 tələbədən 87-si artıq qeydiyyatdan keçib.

Bu barədə AZƏRTAC-a ATMU-nun sənəd qəbulu komissiyasının məsul şəxsi Leyla Salmanova məlumat verib.

Onun sözlərinə görə, universitetdə abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün üç nəfərdən ibarət qəbul komissiyası yaradılıb. Avqustun 25-dək tələbələr müvafiq sənədlərini universitetə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmrləri ali məktəblərə göndərilməyəcək. Qeydiyyat prosesinin rahat və uğurla aparıldığını söyləyən L.Salmanova qeydiyyat zamanı universitetin könüllü tələbələrinin abituriyentlərə kömək etdiklərini diqqətə çatdırıb.