“Bu, ağır səfər oyunu idi. Bilirdik ki, “Qarabağ” evində böyük təcrübəyə malikdir və xüsusən, rəqibin əks-hücumlarından ehtiyatlanmalı idik. Əvvəlcədən dediyimiz baş verdi. Oyunun nəticəsi də bunu göstərir”.
“Report”un məlumatına görə, bunu Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Uilyam Kvist Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının ilk “pley-off” matçından sonra TV3+ telekanalına müsahibəsində deyib. 32 yaşlı yarımmüdafiəçi xüsusən ikinci hissədə oyunlarının alınmadığını bildirib: “Matçın sonlarında istədiyimiz kimi təzyiq edə bilmədik. Bunun isti hava şəraiti üzündən olduğunu deyə bilmərəm”.
“Kopenhagen”in kapitanı cavab görüşü üçün şansları da dəyərləndirib: “Əvvəlki mərhələdə Makedoniyada “Vardar”a da belə hesabla uduzmuş, lakin evdə 4:1 hesablı qələbə sayəsində mərhələ adlamışdıq. İndi də şanslar yarıbayarıdır. Yenə 0:1 hesabı ilə uduzmaqdan məmnun deyilik. Ən azı bir qol vurmaq istəyirdik. Rəqib az imkan yaratdığı halda qol vurdu, biz isə kifayət qədər qol epizodu yarada bilmədik”.
Qeyd edək ki, avqustun 23-də “Parken” stadionunda keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.