Avqustun 16-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 185 illiyinə həsr edilən sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın uşaq şöbəsinin böyük biblioqrafı Fəridə Alnağıyeva şairənin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, Xurşidbanu Natəvan yaradıcılığında poeziyanın müxtəlif janrlarından məharətlə istifadə edib. Onun qəzəlləri müğənnilərimiz, xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunur.

Çıxış edənlər Qarabağ hökmdarı İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı Natəvanın ana yurdunun bu gün düşmən tapdağı altında qaldığını söyləyib, bədnam qonşularımız olan erməni vandallarını lənətləyiblər.

Tədbirdə məktəblilərin ifasında Xurşidbanu Natəvanın şeirlərindən nümunələr səsləndirilib.