Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir. Mən inanıram ki, Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər. Biz Azərbaycanla əməkdaşlığı davam və inkişaf etdirməyə hazırıq. Bu sözləri Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Avstraliya Milli Universitetinin magistr və doktorant tələbələri ilə görüşü zamanı həmyerlimiz İlkin Əliyevin sualını cavablandırarkən deyib.

Görüş zamanı azərbaycanlı tələbə nazirə ölkəmizə bu yaxınlarda olan səfərinin məqsədi və nəticələri barədə sual ünvanlayıb. Eyni zamanda, iki ölkə arasında kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın perspektivləri barədə soruşub.

Konçetta Fierravanti-Uells deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var. Azərbaycana səfərindən çox razı qaldığını, ölkəmizin zəngin mədəniyyətinin onu heyran etdiyini vurğulayıb. Əlavə edib ki, Avstraliya və Azərbaycan ərazi baxımından uzaq yerləşdiyi üçün biznes və turizm əlaqələri zəif inkişaf edib. Ölkəmizə səfərinin məqsədi də əlaqələri inkişaf etdirmək, yeni layihələrə start vermək məqsədi daşıyırdı.

Bu yaxınlarda bir qrup avstraliyalı iş adamının Azərbaycana səfər edəcəyini qeyd edən K.Fierravanti-Uells iki ölkə parlamentləri arasında münasibtlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Deyib ki, bu əlaqələrin inkişafında Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun böyük rolu var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kamberra