Azərbaycanda qeydə alınmış cinayətlərdən 567-si məişət zorakılığı ilə bağlı olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,6 faiz çoxdur.

Astarainfo.az  xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məişət zorakılığı ilə bağlı cinayətlərin 10,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 8,5 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 5,6 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 90,3 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,4 faizi əzab vermə, 1,2 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin sayı 32,1 faiz artaraq 688 nəfər olub ki, onların da 76,5 faizini qadınlar təşkil edir.

Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.