Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə bağlı səmərəli
müzakirələr aparır, önəmli qərarlar qəbul edirlər.
Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir.
AZƏRTAC xəbər verir ki, konfransın plenar sessiyasında BMT-nin qlobal təhsil üzrə xüsusi nümayəndəsi Qordon Braunun videomüraciəti yayımlanıb. Videomüraciətdə qeyd olunub ki, skaut hərəkatı beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməli və bu istiqamətdə daha çox təbliğat işləri aparılmalıdır.
Dünya Skaut Konfransının müxtəlif ölkələrdən olan iştirakçıları beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edilməsini minnətdarlıqla qeyd edir, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqlarını bildirirlər.
Konfransın Finlandiyadan olan iştirakçısı Lasse Roiha:
-Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı yüksək səviyyəli təşkilatçılığı, iştirakçıların çoxluğu, müzakirələrin səmərəliliyi ilə seçilir. Tədbirin keçirildiyi məkan – Bakı Konqres Mərkəzi çox gözəldir. Burada skautlar üçün əlverişli şərait yaradılıb. Əminəm ki, Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək.
Qvatemalanı təmsil edən Rikardo Vaqner:
-Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam. Təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti belə mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxşı təcrübəyə malikdir. Xəzər dənizi sahilində yerləşən Bakıda olmağımdan çox məmnunam. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum.
Braziliyalı skaut Arcangelo Safanelli:
-Konfransda skautların gələcək inkişaf strategiyalarını müzakirə edirik. Ən əsası yaxşı ünsiyyətlər qururuq. Azərbaycanlı skautlarla da tanış olmuşuq və dostluq əlaqələri yaratmışıq. Bu əlaqələri inkişaf etdirəcəyik.
Danimarka təmsilçisi Morten Trampedak:
-Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir. Müxtəlif ölkələrdən gələn skautlar burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Düşünürəm ki, Azərbaycanın dünyaya tanıdılması üçün bu cür böyük tədbirlərin Bakıda keçirilməsi düzgün addımdır.
Pakistanlı skaut Sajjad Masood:
-Azərbaycan Pakistan üçün qardaş ölkədir. Ona görə biz burada özümüzü vətənimizdəki kimi hiss edirik. Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Hər dəfə də ecazkar təbiətiniz məni heyrətləndirir. Bakı gözəl və təmiz şəhərdir. Konfransda yüksək əhval-ruhiyyə hökm sürür. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Hindistanı təmsil edən Skaut Azan Abzari:
-İlk dəfədir Azərbaycandayam. İşimiz çox olsa da, asudə vaxtımızda şəhərlə tanış oluram. Bakını çox bəyəndim. Düzü Bakının belə gözəl şəhər olduğunu təsəvvür etmirdim. Azərbaycanın digər şəhərlərinə də səyahət etmək istəyirəm. Belə irimiqyaslı konfransın yüksək səviyyədə təşkil edilməsi də məni heyrətləndirdi. Təşkilatçılıq mükəmməldir.
Moldovalı Natalia Curusi:
-Mən Azərbaycan haqqında çox eşitmişdim və buraya gəlməyi çox istəyirdim. Hava limanından çıxan kimi məni mehribanlıqla qarşıladılar. Yolboyu Bakının gözəlliyinə və təmizliyinə heyran oldum. İnsanlarınız çox qonaqpərvər və dostsevərdir. Konfrans yüksək səviyyədə təşkil edilib. Bu tədbir Dünya Skaut Hərəkatının inkişafında mühüm rol oynayacaq.