Elmar Məmmədyarov: “Güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salınıb və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Polşaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Polşanın Azərbaycanın mühüm tərəfdaşlarından olduğunu deyən E.Məmmədyarov iki ölkə arasında iqtisadiyyat, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Həmçinin, nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafından danışıb və Polşanın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişi dəstəkləməsinin təqdir edildiyi bildirib.

Jan Dziedziczak Azərbaycanın və paytaxt Bakının inkişafının yüksək təəssüratlar doğurduğunu qeyd edib. O, Azərbaycanın ilk Avropa Oyunları, Formula-1 kimi mötəbər yarışların keçirildiyi məkan olduğunu bildirib və 41-ci Ümumdünya Skaut Konfransının Azərbaycanın ev sahibliyi ilə uğurla keçirildiyini diqqətə çatdırıb.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu deyən nazir müavini BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən bu ilki seçkilərdə Polşanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Görüşdə ictimai diplomatiya və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyinə dair birgə fəaliyyət proqramı hazırlanmasına dair razılıq əldə olunub.