ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti ilə azərbaycanlı həmkarları arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən kütləvi qırğın silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyə olunması və digər mövzularda müzakirələr aparılıb.