Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyası Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olmuş gənc vokalçı Emil Qədirov 2018-ci ilin fevral ayında Bakıda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

Bu barədə AZƏRTAC-a məlumat verən E.Qədirov deyib: “Konsert fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Ümidvaram ki, bakılıların çoxu bu konsertə gələ biləcək”. Gənc vokalçı vurğulayıb ki, konsertin bir hissəsi Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq.

“Müslüm Maqomayevin oxuduğu və bəstələdiyi mahnılar milyonlarla insanlar üçün əzizdir. Bu mahnılardan biri də bizi laqeyd buraxmır”, – deyə E.Qədirov bildirib.

Xatırladaq ki, E.Qədirov avqustun 17-də Bakıda Fəxri xiyabanda Müslüm Maqomayevin xatirəsinin anım mərasimində iştirak edib.