Uşaqların orqanizmi daha çox vitamin və minerallara ehtiyac duyur. Bu səbəbdən də uşaqların immunitetinin gücləndirilməsi üçün onun balanslı qidalanmaya ehtiyacı var. Hazırda isə əksər valideynlər uşaqlarını sağlam qidalandırmaq üsulunu bilmirlər. Onlar uşaqların sağlamlığı, immunitetinin yaxsılaşması, xəstəliyə dözümlü olması üçün vitamin preparatlarından bolluca istifadə edirlər. Hətta bəzi hallarda bu, heç bir həkim tövsiyəsi olmadan edilir. Valideyn uşağında azacıq naxoşluq hiss edən kimi dərhal ona vitamin vermək yolunu seçir. Bəs görəsən həkim göstərişi olmadan, özbaşına uşağa verilən bu vitaminlərin onların orqanizmi üçün hansısa fəsadları varmı?

Məsələ bilə bağlı Ailem.az-a danışan pediatr Günay Rəsulova deyir ki, vitamin tərkibli dərman preparatları valideynlər üçün möcüzə effektli, can qurtarıcı bir vasitə hesab olunur. Amma bu, tamamilə yanlış fikirdir: “Vitamin preparatlarından valideynlərin gözləmləri həddindən artıq çoxdur. Elə bilirlər ki, vitamin kompleksini gedib aptekdən alıb verəcəklər uşaqlara və onlar heç zaman xəstələnməyəcəklər, bədənlərinin müqaviməti artacaq. Bu, tamamilə səhv addımdır. Elə hər zəif hesab edilən uşağa bu dərmanlardan vermək olmaz. Çünki təbii effektlər bu preparatlarda yoxdur. Yəni vitamin kompleksləri bədən müqavimətini artırmır. Qidalardan alınan sağlam effekti həmin dərman preparatından ala bilməyəcəklər”.
Pediatr deyir ki, burda önəmli olan uşağın balanslı həyat formasıdır: “Uşağın sağlam həyat tərzi yoxdursa və o, vitaminli qidalarla qidalanmırsa, ona 15-20 günlük vitamin verməklə bunu təmin etmək olmaz. Çünki vitamin həmin effekti yarada bilməyəcək. Vitaminlərin iştahaçıcı, kökəldici, immunitet artırıcı effektləri yoxdur. Bu effektlər tibbi tədqiqatlarla da sübuta yetirilməyib. Ona görə də hər xırda səbəbdən vitamin kompleksləri işlətmək, uşağı bir növ allergik reaksiya kimi bir təhlükə qarşısında qoyur. Həmin preparatların tərkibində həddindən çox kompanentlər olduğu üçün allergiya vermə ehtimalı çox olur. Həmçinin uşağın qaraciyərində artıq yüklənmə yaratmaqdan başqa heç bir işə yaramır. Buna görə də qətiyyən məsləhət deyil”.
“Vitamin komplekslərindən fərqli olaraq elə vitamin qrupları var ki, onlar müalicəvidir və profilaktik olaraq uşaq orqanizminə mütləq daxil olmalıdır. Bunlardan biri D vitaminidir. Doğulan hər uşaq mütləq şəkildə D vitamini almalıdır. Çünki ana südündə D vitamini yoxdur. Uşaq qidadan da bunu almır. Yalnız bunu günəş şüasının təsiri ilə almaq mümkündür. Az miqdarda bəzi qidalarda var. Ona görə də profilaktik tədbir olaraq kənardan vermək lazımdır. Amma bu kompleks vitamin şəklində olmamalıdır, sadəcə D vitamini şəklində qəbul oluna bilər. Bir də bəzi qrup vitaminlərin çatışmazlıqları var. Məsələn, B12 vitamini çatışmadıqda meqoplastik dediyimiz qan azlığı, anemiya meydana çıxır. Bu da  ümumi qan analizində bilinir. Belə halda sadəcə vitamin B12 müalicə kimi istifadə oluna bilər. Amma bu da tibbi formada həkim göstərişi ilə olmalıdır”, – deyə G.Rəsulova məlumat verdi.
O bildirir ki, bəzən həkimlər uşağa vitamin əvəzinə kalsium preparatı təyin edirlər. Halbuki analizlə uşaqda kalsium azlığı müşahidə olunmazsa, ona kalsium preparatı vermək olmaz: “Yay fəslindəyik. Uşaqları açıq gün düşən ərazilərdə mütləq gəzdirmək lazımdır ki, D vitamini alsın. Amma bunu səhər saat 11-ə qədər və axsam saat 6-dan sonra etməlidirlər. O cümlədən kalsiumla zəngin olan süd və süd məhsulları uşaqlarda kalsium ehtiyacını ödəyər.
Hər mövsümün özünə uyğun meyvə və tərəvəzlərindən uşağın gündəlik rasionunda olması vacibdir. B qrup vitaminləri əsasən taxıl məhsullarından qarabaşaq, düyü, bulqur, çovdar, onun çörəyindən ala bilərlər. C vitamini isə demək olar ki, bütün növ meyvə və tərəvəzlərdə mövcuddur”.