Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO-2017” beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu ən çox ziyarət edilən beynəlxalq pavilyonların ilk beşliyinə daxil olub.

“Report” xəbər verir ki, iştirakçı ölkələrin beynəlxalq pavilyonlarına ümumilikdə 19 438 248 ziyarət olub.

Avqusutun 20-nə olan məlumata görə, ən çox ziyarət edilən pavilyonların siyahısı tərtib edilib. Belə ki, TOP-10-da Afrika, Misir, Türkiyə, Tayland, Azərbaycan, Hindistan, Rusiya, Özbəkistan, Yaponiya, Səudiyyə Ərəbistanı yer alıb.

Avqustun 14-dən 20-dək “EXPO-2017” beynəlxalq ixtisaslaşmış sərgisini 345 445 nəfər ziyarət edib. Hər gün isə sərgiyə 49 349 nəfər baş çəkir. Ötən həftə ilə müqayisədə ziyarətçilərin sayı 14 min nəfər artıb.

“İyunun 10-dan avqustun 20-dək sərgi ziyarətçilərinin ümumi sayı 2 779 820 nəfər təşkil edib. EXPO-nun bütün obyektlərinə olan ümumi ziyarətlərin sayı sərgi işə başlayandan 22 113 663, o cümlədən beynəlxalq pavilyonların 19 438 248, sərgi obyektlərinin isə 2 675 415 təşkil edir”, – sərgi təşkilatçılarının məlumatında qeyd edilib.

Ən çox ziyarət edilən obyektlər sırasında “Nur-Aləm” kürəsi, kommersiya pavilyonları, “Shell”in uşaq laboratoriyası, tematik pavilyonlar, uşaq parkı, amfiteatr, Günəş sirki (Sirk dyu Soley), art-mərkəz və yaradıcı enerji zonası yer alıb.