“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim Sabirabad şəhərində baş tutub.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov təlimin qonağı olub.
Tədbirdə çıxış edən N.İsmayılov belə təşəbbüsün çox mühüm olduğunu qeyd edib.
O.Kervers deyib: “BMT-nin Əhali Fondu ilə birlikdə həyata keçirdiyimiz layihə Niderland Krallığı və Azərbaycan arasında mövcud olan müxtəlif müstəvilərdə dərin əlaqələrin sübutudur. Digər olduqca vacib müstəvi məhz bu gün müzakirə etdiyimiz mövzu – cəmiyyətdə qadınlara qarşı ayrı-seçkiliyin qabağın almaqdır. “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi də məhz innovativ yollardan istifadə edərək, məhz gənc kişilərin doğulanların cins nisbətinin pozulmasına qarşı çıxmağa çağırır.”
F.Babayev bildirib: “Bildiyiniz kimi, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması artıq neçə ildir ki, BMT-nin Əhali Fondunun əsas strateji fəaliyyət prioritetlərindən birini təşkil edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir”.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov doğulanlar arasında cins nisbətinin pozulması gəncləri də çox narahat etdiyini qeyd edib.
Təlimlər zamanı tədbir iştirakçılarına layihənin gedişatı ilə bağlı məlumat verilib.
Sonra qonaqlar Sabirabad şəhərinin gəncləri ilə tanış olub, onların mövzu ilə bağlı fikirlərini dinləyiblər.
Təlimin ilk günü “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədə iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi mövzulardan danışılıb. Təlimin növbəti günündə kişilər həmçinin mövzu ətrafında qrup işlərində iştirak edərək öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Azərbaycanın 17 şəhər və rayonunu əhatə etməklə 550 gənc kişinin iştirakı ilə 30 təlim keçirilib. Növbəti günlərdə daha 20 təlimin keçirilməsi ilə iştirakçıların sayının 1000 nəfərə çatdırılması hədəflənib.