Rusiya xarici işlər nazirinin müavini ABŞ-a səfir təyin olunub

Rusiya Prezidenti Vladimir Putin Rusiya xarici işlər nazirinin müavini Anatoli Antonovu ölkəsinin ABŞ-dakı səfiri təyin edib.

Bu barədə “Report” Kremlin saytına istinadən xəbər verir.

“Vladimir Putin A.Antonovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. Dövlət başçısı həmçinin Sergey Kislyakın Rusiyanın ABŞ-dakı səfiri və Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Rusiyanın daimi müşahidəçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb” – Kremlin məlumatında deyilir.

Qeyd edək ki, A.Antonov təcrübəli diplomat kimi tanınır. O, 30 ildən çox XİN sistemində müxtəlif vəzifələrdə, əsasən, mərkəzi aparatda çalışıb. 2004-cü ildə Təhlükəsizlik və Tərksilah Məsələləri üzrə Departamentə rəhbərlik edib. 2011-ci ilin fevral ayından 2016-cı ilin dekabrına qədər müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən etibarən A.Antonov Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.