“Marca” qəzeti “Qarabağ”dan üzr istədi

İspaniyanın məşhur “Marca” nəşri “Qarabağ” futbol klubu haqqında yaydığı yanlış məlumata görə üzr istəyib, mətndə dəyişiklik edilib.

Azərbaycanın İspaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, dünən İspaniyanın məşhur “Marca” nəşrinin “Futbol sərhədləri aşanda” (“Cuando el futbol cruza fronteras”) adlı məqaləsində Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, “Qarabağ” futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətəuyğun olmayan məlumatlara yer verilmişdi.

Səfirlik tərəfindən məsələyə dərhal reaksiya verilərək redaksiya ilə əlaqə saxlanılıb, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət edilib.

Səfirliyin məlumatında qeyd edilir ki, “Qarabağ” futbol klubu da məsələ ilə bağlı “Мarca” nəşrinə etirazını bildirib.

Görülən tədbirlər nəticəsində “Marca” nəşri bu gün adıkeçən məqalədə müvafiq dəyişiklikləri etməklə öz üzrxahlığını bildirib.