Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir.
Trend-in məlumatına görə, bunu forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.
V.Zatlers bildirib ki, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir:
“Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir”.
Sabiq Prezident qeyd edib ki, fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur: “Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır”.
Xatırladaq ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən forum avqustun 24-dək davam edəcək.
Forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edirlər.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları qatılıb.
Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar təşkil edilir.