Malokko boğazında ticarət gəmisi ilə toqquşan ABŞ-ın “John S.McCain” esminesinin itkin dənizçilərinin qalıqları həmin gəminin su dolmuş bölmələrində aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ hərbi-dəniz qüvvələrinin Sakit okean komandanlığının rəhbəri Skott Svift məlumat verib.

Komandanlığın “Facebook” səhifəsində birbaşa yayımlanan mətbuat konfransında S.Svift deyib: “Bu gün axtarış əməliyyatı zamanı dalğıclar su dolmuş bölmələrdə bir neçə cəsəd aşkar ediblər. Hazırda onların tanınması istiqamətində iş aparılır”.

Onun dediyinə görə, axtarış-xilasetmə əməliyyatları dənizçilərin hamısının cəsədləri tapılanadək davam etdiriləcək. S.Svift, həmçinin xəsarət almış dənizçiləri ziyarət etdiyini və onların özlərini yaxşı hiss etdiyini də deyib.

Xəbər verdiyimiz kimi, ABŞ-ın “John S.McCain” esminesi avqustun 21-də səhər saatlarında Sinqapurdakı limana doğru hərəkət edərkən Malakko boğazında “Alnic MC” ticarət gəmisi ilə toqquşub. Nəticədə esminesin 10 dənizçisi itkin düşüb, beş nəfər isə yaralanıb. Qəzadan sonra esmines Sinqapurun Çanqi limanına yan alıb. Hazırda davam edən axtarış-xilasetmə əməliyyatında Sinqapurun hərbi donanması, sahil mühafizəsi, eyni zamanda ABŞ-ın hərbi-dəniz qüvvələrinin “Amerika” gəmisində yerləşən helikopter və konvertoplanlar iştirak edir.

ABŞ hərbi-dəniz qüvvələrinin yeddinci donanmasının bildirdiyinə görə, toqquşma nəticəsində esmines ciddi xəsarət alıb. Bir neçə kayut, maşın salonu və rabitə otağı su ilə dolub.

 

AZƏRTAC