Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın xüsusi buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün təlimat yer alıb. Həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).