Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkadakı “Parken” stadionunda keçiriləcək “Kopenhagen”-“Qarabağ” qarşılaşması üçün start heyətlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” komandasının start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Donald Qerrye, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçzak və Bədaci Hüseynov çıxacaqlar.

“Kopenhagen” komandasının ilk onbirliyində isə Robin Olsen, Pyer Benqtson, Uilyam Kvist (k), Bencamin Verbiç, Federiko Santander, Andriya Pavloviç, Yan Qrequs, Kasper Kusk, Nikolay Boylesen, Peter Ankersen və Maykl Lüftner yer alıblar.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alberto Undiano Mallenko olacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Kabanero kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirəcək.

Komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” komandası cavab qarşılaşmasında sərfəli nəticə əldə edərsə, Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək imkanı qazanacaq