Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu bu gün öz işini başa çatdırıb.
Komitədən Trend-ə verilən məlumata görə, forumun bağlanış mərasimində çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəvi olaraq, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, o cümlədən sabiq prezidentlərin iştirakı ilə mühüm mövzuların müzakirə olunduğu beynəlxalq forum, konfrans və digər tədbirlər təşkil etdiyini bildirib. Qeyd edib ki, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu gələcəyin liderlərinin ideya və təşəbbüslərinin öyrənilməsi, onlar arasında əməkdaşlığın gücləndirilməsi və nüfuzlu ictimai-siyasi xadimlərin zəngin təcrübələrindən bəhrələnmək imkanı baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən olan gənc liderlər nəsillərarası dialoq imkanından bəhrələnərək, beynəlxalq sülhün və əməkdaşlığın inkişafına mühüm töhfə verən bu əlverişli fürsətdən səmərəli istifadə edərək maraqlı müzakirələr aparıblar.
İ.Serageldin Qlobal Gənc Liderlər Forumunun yüksək səviyyədə təşkil edilməsinə və Nizami Gəncəvi Beylxalq Mərkəzinə fəal dəstəyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Sonda forum iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bununla da Qlobal Gənc Liderlər Forumuna yekun vurulub.
Qeyd edək ki, avqustun 21-də işə başlayan Foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı qatılıb. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunub.
Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak ediblər. Bundan başqa, Foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunub, debatlar təşkil edilib. Tədbir iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi suallar ətrafında fikir mübadiləsi aparıblar.
Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır.