Azərbaycanın Braziliyada və eyni zamanda Surinamdakı səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Desire Delano Bouterseyə təqdim edib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident Desire Delano Bouterse Azərbaycan rəhbərliyinə və xalqına səmimi salamlarını çatdıraraq, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfirə işində uğurlar arzulayıb.
E.Poluxov Prezident İlham Əliyevin salamlarını Surinam dövlətinin başçısına çatdıraraq, Surinam Respublikasında səfir olmasından məmnunluğunu bildirib, tutduğu vəzifədə ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Sonra səfir Surinam Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verib, ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.