“Barselona” fransalı futbolçunu 105 milyon avroya transfer edib

İspaniyanın “Barselona” futbol klubu fransalı futbolçu Usman Dembeleni transfer edib.

Astarainfo.az AZƏRTAC-a  istinadla xəbər verir ki, Kataloniya komandası “Borussiya”nın (Dortmund) 20 yaşlı hücumçusu ilə avqustun 28-də beşillik müqavilə imzalayacaq.

İspaniya komandası U.Dembelenin transferi üçün Dortmundun komandasına 105 milyon avro və əlavə olaraq təxminən 42 milyon avro bonus ödəyəcək.

“Barselona” Fransa millisinin üzvünün satılması məbləğini isə 400 milyon avro olaraq müəyyənləşdirib.

Peşəkar karyerası ərzində Fransanın “Renn” klubunda da oynayan istedadlı futbolçu ötən mövsüm Almaniya klubunun heyətində 49 matçda 10 qol vurub və 20 məhsuldar ötürmə verib.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” braziliyalı hücumçusu Neymarı Fransanın PSJ komandasına 222 milyon avroya satıb.