Cari ildə 7,1 min nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya və sosial xidmətlərlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onlara ehtiyaclarına uyğun sosial xidmətlərin göstərilməsi istiqamətində işlər davam etdirilir. Cari ildə nazirliyin xətti ilə 7,1 min nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya və sosial xidmətlərlə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 1 923 nəfər sağlamlıq imkanları məhdud uşağa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində stasionar və ambulator qaydada bərpa-müalicə xidmətləri göstərilib. Azərbaycan Prezidenti İlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasına xüsusi qayğısının növbəti təzahürü kimi, Uşaq Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb, burada səmərəli tibbi və sosial reabilitasiya metodlarının tətbiqi üçün yüksək standartlara uyğun şərait yaradılıb.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası, ümumən onların qayğı ilə əhatə olunması məqsədilə aparılan işlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanizm nümunəsi olan layihələri xüsusi önəm kəsb edir. Belə layihələrdən biri kimi Bakının Yeni Günəşli qəsəbəsində yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində səmərəli reabilitasiya metodları tətbiq edilir, həmçinin uşaqlar tədris metodikaları əsasında tədris-peşə reabilitasiyasına da cəlb edilirlər. Təkcə cari ilin yanvar-iyul aylarında müəssisədə 203 nəfər uşaq müasir effektiv vasitələrdən istifadə şəraitində səmərəli reabilitasiya xidmətləri ilə təmin edilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində son illərdə həmin müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, uşaqların normal yaşayışı, tibbi və sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün ən müasir tələblərə uyğun şərait yaradılıb.

Nazirliyin sosial sifarişləri üzrə cari ildə icra olunan layihələr çərçivəsində isə 2 min nəfərdən çox uşaq reabilitasiya və inteqrasiya yönümlü sosial xidmətlərlə təmin ediliblər. Bu layihələr Daun sindromlu uşaqların sosial reabilitasiyası, autizm xəstəliyi olan uşaqlara defektoloji və psixoloji, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji, psixo-pedaqoji, loqopedik xidmətlərin göstərilməsi və s. istiqamətləri əhatə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların da ehtiyac duyduqları protez-ortopedik bərpa xidmətləri ilə təminatı həyata keçirilir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ilin 7 ayında 2 673 nəfər uşağa qeyd edilən xidmətlər göstərilib, dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onlara zəruri protez-ortopedik məmulatlar, reabilitasiya avadanlıqları verilib.